“Azərbaycan dili dünyanın ən zəngin və ən gözəl dillərindən biridir. Ana dilimiz əsrlər boyu xalqımızın milli kimliyinin formalaşmasında, mənəvi dəyərlərinin qorunub saxlanılmasında və mədəni irsinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayıb”.
Bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı spiker Sahibə Qafarova fevralın 21-nin dünya ölkələrində Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması ilə bağlı səsləndirib. S. Qafarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına xüsusi önəm verir. Ulu Öndər tərəfindən müəyyən edilmiş strateji xətt bu gün də ardıcıl şəkildə davam etdirilir və zənginləşdirilir.
Onun sözlərinə görə, ötən ilin noyabr ayında dövlət başçısının Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunması və düzgün istifadəsinin vacibliyi xüsusi vurğulanıb.
“Cənab Prezident qeyd etmişdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu fikir ana dilinə münasibətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir”, – deyə spiker bildirib.
Sahibə Qafarova vurğulayıb ki, dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasətə Milli Məclis də qanunvericilik səviyyəsində dəstək verir.
“Ötən il dekabrın 8-də parlamentdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfrans keçirilmişdir. Qanunvericilik orqanı bundan sonra da Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və inkişafı istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməkdə davam edəcəkdir”, – deyə o əlavə edib.